CASPIA analitik mərkəzinin direktoru, politoloq Orxan Yoçuyevin ARB24 kanalına müsahibəsində İranda hazırda mövcud olan hərbi – siyasi vəziyyət və münaqişənin reqionun digər dövlətlərində alovlanması ilə bağlı öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, hazırda ABŞ və İsrailin İranda genişmiqyaslı quru əməliyyatların aparılması ehtimal olunmur. Lakin vəziyyət Rusiya - Ukrayna müharibəsinin ilk ilindəki hadisələrə bənzər şəkildə inkişaf edə bilər. 2022-ci ilin fevralında rus qüvvələri İlan adasını işğal etdikdən sonra Ukrayna ordusunun güclü zərbələri altında 6 ay sonra geri çəkilməyə məcbur oldular. Yolçuyevin fikrincə buna bənzər ssenari Xarq adası rayonunda da təkrarlana bilər.
Ekspert qeyd edir ki, danışıqlar prosesinə baxmayaraq, vəziyyət yaxşılaşmır və ən pis ssenari üzrə inkişaf edir. Fars körfəzi ölkələrinin münaqişəyə cəlb olunma ehtimalı çox yüksəkdir və onlar çox güman ki, hava əməliyyatlarında iştirak edəcəklər. Bu da öz növbəsində cəbhə xəttinin genişlənməsinə gətirib çıxaracaqdır.
Analitikin fikrincə, İsrail həmçinin körfəz ölkələrini cəlb etməkdə maraqlıdır, çünki onun resursları sonsuz deyil və zamanla tükənir. Eyni zamanda, Yolçuyev hesab edir ki, Donald Tramp da uzun sürən bir münaqişədə maraqlı deyil və onun da müttəfiqlərə ehtiyacı var və çox güman ki, bu rolu region ölkələri oynayacaq.
Ekspert vurğulayır ki, səs - küylü açıqlamalara baxmayaraq, faktiki olaraq münaqişə zonasının genişlənməsi müşahidə olunur. ABŞ regionda hərbi mövcudluğunu gücləndirir və bir neçə aylıq aktiv hərbi əməliyyatlara hazırlaşır.
Yolçuyevin fikrincə, əsas məqsəd, İranda daha proqnozlaşdırıla bilən hökümətin hakimiyyətə gəlməyidir. Lakin nə ABŞ, nə İsrail, hələlik bu nəticəyə nail ola bilməyiblər. Üstəlik münaqişə artıq beynəlxalq proseslərə də təsir edib - xüsusilə, Trampın Çin lideri ilə görüşü təxirə salınıb, çünki Vaşinqton Pekin ilə danışıqlara daha güclü mövqedən yanaşmağa çalışır.
İrana xaricdən mümkün dəstək barədə danışarkən, analitik qeyd edir ki, onun əsas tərəfdaşları Rusiya və Çindir. Eyni zamanda, onun fikrincə, Rusiya təcrübə və ya texnologiyanın ötürülməsi də daxil olmaqla dolayı yol ilə İrana yardım edir.
Yolçuyev həmçinin İranın özü üçün risklərə də diqqət yetirir: uzunmüddətli münaqişə daxili qeyri - sabitliyə və hətta ölkənin parçalanmasına səbəb ola bilər. Onun sözlərinə görə, ölkə daxilində, islam inqilabı keşikçiləri Korpusu da daxil olmaqla, təhlükəsizlik qüvvələrinin rolu artıb.
Nəticə etibarilə ekspert belə bir qənaətə gəlir ki, hazırda heç bir tərəf real kompromistə maraqlı deyil. Onun sözlərinə görə, tərəflərin tələbləri mahiyyət etibarilə ultimatum xarakteri daşıyır və düşmənin təslim olmasını özündə ehtiva edir. Bu şərtlər daxilində yalnız hərbi əməliyyatlarda müvəqqəti fasilələr mümkündür, lakin davamlı sülh razılaşması mümkün deyil.