TransCaspian Cargo CASPIA Analitik Mərkəzinin dəstəyi ilə Azərbaycan və Qazaxıstandan olan gənc mütəxəssislər arasında Transxəzər logistikası sahəsində peşəkar biliklərin və praktiki bacarıqların inkişafına yönəlmiş yeni təhsil təşəbbüsünə start verib.

Layihənin ilkin mərhələsində Aktau şəhərində yerləşən Yessenov Universitetinin ən yüksək akademik göstəricilərə malik 10 tələbəsi iştirak edəcək. Onlar TransCaspian Cargo tərəfindən tələbələr, universitet məzunları və karyerasının ilkin mərhələsində olan mütəxəssislər üçün hazırlanmış “Central Asia Logistics Foundation Program” adlı bir aylıq onlayn təlim proqramına qatılacaqlar. Proqram logistika sahəsində baza biliklərinin formalaşdırılmasını nəzərdə tutur.

Proqram iştirakçıları Orta Dəhliz boyunca logistika və nəqliyyat proseslərinin əsasları ilə tanış olacaq, xüsusilə Transxəzər daşımalarının praktiki aspektlərinə diqqət yetirəcəklər.

Təlim başa çatdıqdan sonra iştirakçılardan Bakı–Aktau marşrutu üzrə konkret bir darboğazın aradan qaldırılmasına yönəlmiş iki real həll təklifini hazırlamaq və təqdim etmək tələb olunacaq. Bu praktiki tapşırıq tələbələrə proqram çərçivəsində əldə etdikləri bilikləri tətbiq etməyə, eləcə də Xəzər dənizi üzərindən daşımaların səmərəliliyini və nəqliyyat əlaqəliliyini artırmaq üçün mümkün yolları araşdırmağa imkan verəcək.

CASPIA Analitik Mərkəzinin direktoru Orxan Yolçiyevin sözlərinə görə, gələcəkdə təşəbbüsün əhatə dairəsinin genişləndirilməsi və layihəyə azərbaycanlı tələbələrin, xüsusilə nəqliyyat, logistika və əlaqəli ixtisaslar üzrə təhsil alan gənclərin də cəlb olunması nəzərdə tutulur.

Layihənin məqsədi yalnız tələbələrin Transxəzər logistikası və Orta Dəhliz haqqında texniki biliklərini dərinləşdirmək deyil, həm də Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlığın inkişafına töhfə verməkdir. Akademik bilikləri sektorun praktiki problemləri ilə əlaqələndirən təşəbbüs gənc mütəxəssislərin regional nəqliyyat və logistika əlaqələrinin inkişafında daha fəal iştirakını təşviq etməyi hədəfləyir.